Bu gün UTECA tələbələrinin bir qismi yataqxanaya yerləşdirilib. Rektor, professor Akif Süleymanov yataqxananın açılışında iştirak edib və otaqların açarlarını tələbələrə təqdim edib. Yeni yaradılan şəraitlə tanışlıq zamanı rektor tələbələrə yataqxana qaydalarına əməl etməyi, dərslərə daha ciddi hazırlaşmağı tövsiyə edib.
Azərbaycan Texnologiya Universitetinin 1000 tələbəlik yataqxanası iki korpusdan ibarətdir. Onlardan biri 1981, digəri isə 1989-cu ildə inşa edilərək istifadəyə verilib. 1993-cü ildən hər iki binada məcburi köçkünlər məskunlaşıb. 2013-cü ildə məcburi köçkünlər onlar üçün salınan yeni yaşayış massivinə köçürülüb.
Uzun zaman istifadəyə yararsız qalan yataqxananın bir hissəsi Texnologiya Universitetinin daxili imkanları hesabına bərpa edilib. Hər iki binanın dam örtüyü yenilənib, bir mərtəbədə əsaslı təmir və yenindənqurma işləri aparılıb. Burada tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb. Otaqlar zəruri məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub. Yataqxananın həyətində yeni yaşıllıq zonası salınıb. Ərazidə futbol meydançasının qurulması da planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində təhsil alan tələbələrin 60%-i ayrı-ayrı bölgələrdəndir.